2017-ci ildə yaradılan "Sabah" ilk dəfə qış çempionu oldu.
Onlar litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi altında son çempion "Qarabağ"ı 1 xal qabaqlayaraq bu uğura imza atıblar.
"Qarabağ"ın hegemoniyası dövründə onlardan başqa yalnız Roberto Bordinin "Neftçi"si qış çempionu olmağı bacarmışdı.
"Sabah" bunu bacaran ikinci klub oldu.
İlk hissənin bombardiri də "bayquşlar"ın futbolçusu oldu. Coy-Lens Mikels 9 qolla rəqiblərini qabaqlayıb.
Ümumlikdə ilk dövrə maraqlı mübarizənin şahidi olduq.
Azərbaycan çempionatı uzunmüddətdən sonra 12 komanda ilə oynanılır.
3 bölgə klubu Misli Premyer Liqasına yüksəldi.
Azarkeş problemi davam etsə də, bəzi oyunlara böyük marağın şahidi oluruq.
Ən çox azarkeş XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.
Ümumiyyətlə, "Sumqayıt" azarkeşləri hamını qabaqlayıb. Onların 9 oyununa ümumilikdə 25 min 810 tamaşaçı gəlib.
Sürpriz olaraq debütant "İmişli" klubunu deyə bilərik. Jorj Kaşkilyanın komandası 17 xal toplamağı bacarıb. Onlar "Neftçi" və "Zirə" kimi rəqiblərə hər iki oyunda məğlub olmamağı bacarıb. Lider "Sabah"ın yeganə məğlubiyyəti bölgə təmsilçisinə qarşıdır.
Mövsümə Samir Abasovla başlayan "Neftçi" yola Yuri Vernidubla davam edir. "Ağ-qaralar" yanvardan etibarən yeni ağ səhifə açmağa çalışacaq.
Kurban Berdıyevın "Turan Tovuz"u yaxşı oyun vəd etməsə də, lazımi oyunlarda 3 xal qazanıb sonda avrokuboklara vəsiqəni əldə edə bilər.
Saşa İliçin "Sumqayıt"ı çempionata rəng qatan komandalardandır. Onların da məqsədi avrokuboklara vəsiqə qazanmaqdır.
Elmar Baxşıyev isə nazik kəndir üzərində yeriyir. "Araz-Naxçıvan"ın növbəti məğlubiyyəti onun komandadan gedişi ilə nəticələnə bilər. Ancaq gənc mütəxəssis hələlik işinin öhdəsindən gəlməyi bacarır.
Son pillələrdə isə "qırğın"dır. Görək, sonda "bomba" kimin əlində qalacaq...



