Misli Premyer Liqasının VIII turunda "Neftçi" "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunu şərh edib:

"Düşünürəm ki, qəliz oyun alındı. Oyunun içində özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra nədənsə geriyə oturduq. Bunun səbəbi istəkdən irəli gəlmirdi, belə plan da yox idi. Top itkisi yaşadıq. Oyun başlayanda uşaqlarla danışdıq. Çox şeyi dəyişmək istəyirdik, lakin müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Sağ olsunlar, futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi. Bu gün kim qazandı, kim itirdi, demək həddindən artıq çox çətindir. Bu, həmin oyunlardan biridir ki, dərhal reaksiya verib, nəsə deyə bilmirsən. Analiz etmək lazımdır ki, nələri səhv edib, nələri düz etdik. Üzücü olan məqam odur ki, qərarlarımızda çox problem görünürdü. Cərimə meydançasına çatanda tamamilə əks qərarlar verməklə özümüzü çaşdırırdıq. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi hazırlaşa bilmədik. Oynadığımız oyuna bu bəhanə deyil. Özüm də deyə bilmirəm ki, qazandıq, yoxsa itirdik. Yenə də oyuna baxmalıyıq".