Bu gün “Neftçi” baş icraçı direktoru Fərrux Mahmudovla yolları ayırdı.
Daha öncə isə klub baş məşqçi Miodraq Bojoviçi yola salmışdı. Görünən odur ki, “ağ-qaralar” ciddi dəyişiklərə hazırlaşır. 2023/24 mövsümündəki uğursuzluq Müşahidə Şurasını ciddi şəkildə narahat edir. Görəsən, Fərrux Mahmudovun gedişi “Neftçi”yə fayda verəcək? Sualımızı klubun sabiq hüquq məsləhətçisi və idman direktoru Güloğlan Cabbarova ünvanladıq. Funksioner məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“Neftçi”nin baş məşqçisinin və baş icraçı direktorunun gedişi gözlənilən idi. Klubda yeni struktur formalaşmasa, dəyişikliklərdən asılı olmayaraq köhnə hamam olacaq. “Neftçi”də Müşahidə Şurası ləğv edilməlidir. Sadıq Sadıqovun və bizim vaxtımızdakı olan sistemə qayıdılmalıdır. Evin bir ağsaqqalı olar. Hər şey ona həvalə edilər. Nəticələr ondan tələb olunar. Klubun prezidenti futbol camiəsinin içindən olmalıdır. Daxili nizam-intizam qaydaları sərtləşdirilməlidir. “Nefçi”də hazırda hökm sürən xaos sonlandırılmalıdır. Hamı yumruğu bir yerə vuraraq hədəfə doğru irəliləməlidir. “Neftçi” köklü klubdur. Buna hörmət olunmalıdır. 1 yox, 10-15 illik planlar qurulmalıdır. Qarşıda komandanın 100 illiyi gəlir. Bunun üçün konkret hədəflər ortaya qoyulmalıdır. Futbolda dünən yoxdur, bu gün və sabahlar var. Xətalardan dərs çıxartmaq və bird aha bu biabırçı duruma düşümək üçün elə bu gündən iş görmək lazımdır. Rəhbərlik, komanda, inzibati heyət, azarkeşlər bir olmalıdır. Uğur əldə etmək lazımdır. Düşünürəm ki, “Neftçi”nin bunun üçün hər cür imkanı var. Yuxarıda dediyim məsələlər təmin olunmasa, 100 dənə rəhbərlik dəyişsə, baş məşqçi gəlsə, 100 milyon büdcən də olsa, 3 milyonluq klublara uduzacaqsan. “Neftçi”yə və yeni rəhbərliyinə gələcək işlərində uğurlar arzu edirəm. Ümid edirəm ki, keçmişdə yaşananlar unudulacaq, çempionluğa oynayan “Neftçi”ni yaşıl meydanlarda görə biləcəyik”.