Misli Premyer Liqasının növbəti turunda baş tutan "Kəpəz" - "Zirə" matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmanı dəyərləndirərək oyunun gərgin və maraqlı keçdiyini bildirib:
"Olduqca maraqlı, sürətli və aqressiv oyun alındı. İlk hissədə daha çox taktiki mübarizə izlədik. İkinci yarıda isə hər iki komandanın ifasında azarkeşlər üçün cəlbedici futbol ortaya çıxdı. Hər iki tərəf qələbə qazana bilərdi. Düşünürəm ki, bu gün hər iki komanda bir xal qazandı".
Futbolçularının göstərdiyi əzmkarlığı yüksək qiymətləndirən Sadıqov qol epizodlarını dəyərləndirə bilməmələrindən təəssüfləndiyini vurğulayıb:
"İkinci hissədə ortaya qoyduğumuz oyuna görə futbolçularıma təşəkkür edirəm. Qələbəyə layiq oyun nümayiş etdirirdik. Lakin oyunun qırılma nöqtələri hesab olunacaq epizodlarda rəqib qapıçının uğurlu seyvləri qələbə qazanmağımıza mane oldu. Nəzərə almaq lazımdır ki, "Kəpəz"ə qarşı səfərdə, belə bir muhtəşəm atmosferdə oynayırdıq. Rəqib sanki 12 futbolçu ilə mübarizə aparırdı. Qoldan sonra verdiyimiz reaksiya və göstərdiyimiz futbol məni məmnun etsə də, üç xal üçün kifayət etmədi".
Kadr problemlərinə toxunan baş məşqçi zədəli futbolçuların çoxluğundan da gileylənib:
"Heyətdə ciddi itkilərimiz var. Hətta bu gün sağlam görünən bəzi oyunçularımız var ki, zədədən yeni qayıtdıqları üçün onlardan istədiyimiz kimi istifadə edə bilmirik. Məsələn, Eren maksimum 55-60 dəqiqə, İsa isə 15 dəqiqə oynaya bilərdi. Neytrallaşdırmağa çalışdığımız bu problemlərlə artıq bir neçə turdur ki, mübarizə aparırıq. İnşallah, bu çətin mərhələni geridə qoyacağıq".
Sonda Gəncədəki futbol atmosferini xüsusi vurğulayan Rəşad Sadıqov, belə bir mühitdə oynamaqdan zövq aldıqlarını bildirib:
"Ən gözəl atmosfer və stasionlardan biridir. Azarkeşlər də möhtəşəm idi. Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmazdıq. Çünki Azərbaycanda belə bir futbol mühitinin olması sevindiricidir".


