Misli Premyer Liqasının sonuncu - XXXIII turunun oyunlarından sonra AFFA-nın İntizam Komitəsinin iclası keçirilib və 4 klub maliyyə sanksiyasına məruz qalıb.
Offsideplus.az xəbər verir ki, ən böyük cərimə Sumqayıt səfərindən qayıdan Ağdam təmsilçisinə kəsilib. "Sumqayıt" - "Qarabağ" matçında azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi Ağdam klubuna 8000 manata başa gəlib. Meydan sahibi "Sumqayıt" isə qarşılaşma bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə 2500 manat cərimələnib.
Gəncədə baş tutan "Kəpəz" – "Neftçi" görüşü də cəzasız ötüşməyib. Meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Kəpəz" 700 manat ziyana düşüb. Matçın 65-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan "Neftçi" oyunçusu Ifeanyi Metyu isə ciddi qayda pozuntusuna görə 1-i şərti olmaqla 2 oyunluq diskvalifikasiya edilib.
Futbolçuya 6 aylıq sınaq müddəti təyin olunub, paytaxt klubu isə bu səbəbdən 1000 manat cərimə olunub.


