UEFA-nın stadion inspektoru Skott Struters, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov "Turan Tovuz" klubunun rəsmiləri ilə birlikdə Tovuz şəhər stadionunda yoxlama aparıblar.

Offsideplus.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 4 saatdan artıq davam edən baxış zamanı arenanın UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm məqamlar müzakirə edilib.

Yekunda stadionun bu kateqoriyanı alması üçün zəruri olan şərtlər, eləcə də yerinə yetirilməli tapşırıq və tövsiyələr klub rəhbərliyinə çatdırılıb.

Daha sonra təşkil olunan iclasda arenanın beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Hazırda stadionda həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.