"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Dağıstan və Azərbaycan futbolundakı gənc istedadlar barədə danışıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "Cappuccino & Catenaccio Show" podkastında fikirlərini bölüşüb:

"Dağıstandakı kimi istedadlı uşaqları mən heç yerdə görməmişəm. Bəli, məhz futboldan danışıram! Onların genetikasında xarakter var. Bütün rayonlarda balaca uşaqlar görmüşəm, Hacı Hacıyev bunu yaxşı bilir. Onlar artıq hazır peşəkardırlar. Özü də xarakterli! Hansı mövqedə oynamalarından asılı olmayaraq. Dünyanın ən güclü güləşçilərinin oradan çıxması təsadüfi deyil, bu, genetikadır. Hətta bir dəfə hansısa verilişə baxırdım, orada bir ingilis deyirdi ki, əgər Dağıstan dünya çempionatına üç komanda çıxarsaydı, hər üçü ilk üç yeri tutardı. Bu, təsadüf deyil. Axşam tərəfi çimərliyə çıxanda xeyli gəncin və mənim yaşımda olan insanların idmanla məşğul olduğunu görürəm.

Bunun futbolla da əlaqəli olduğunu düşünürəm. Sözü elə bura gətirirəm. Həmin balaca qəsəbələri gəzəndə uşaqlara baxırdım, kimisə məsləhət görürdüm. Məsələn, onlardan biri hazırda Gənclər Futbol Liqasının (YFL) bombardiri olub. Sadəcə kiçik bir kənddə görüb tövsiyə etmişdim. Orada belələri dəniz kimidir! Əgər Müslimiç (Hacı Hacıyev) indi orada sistem qursa, mənə inanın, Dağıstan Rusiya futbolunun taxıl anbarı (əsas oyunçu mənbəyi) olacaq. Sistem lazımdır. O da bunu quracaq. Bu sistem hər yerə lazımdır. Bura da (Azərbaycana da) lazımdır.

Mən keçən il burada, Azərbaycanda xüsusi olaraq əvəzedici heyətlərin oyunlarını, bütün komandaları izlədim. Burada çox, lap çox istedadlı uşaqlar var. Bax, burada da elə etmək lazımdır ki, həmin gənclər itib-batmasınlar".