Misli Premyer Liqasının XXV turunda "Neftçi" doğma meydanda "İmişli"ni 6 cavabsız qolla (6:0) darmadağın edərək mövsümün ən böyükhesablı qələbə rekorduna şərik çıxıb.
Offsideplus.az xəbər verir ki, bu, cari çempionatda qeydə alınan üçüncü 6 qolluq fərqdir:
XXIII tur: Qarabag 6:0 "Araz-Naxçıvan"
XXIII tur: "Sabah" 7:1 "Qəbələ"
XXV tur: Neftchi 6:0 "İmişli"
Azərbaycan çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqi ilə üstələyib. Bu göstəricidə Neftchi 23-cü belə qələbəsi ilə ölkənin mütləq rekordçusudur. Paytaxt təmsilçisini bu siyahıda "Kəpəz" (17), Qarabag (14) və "Şəmkir" (9) izləyir.
Maraqlıdır ki, "Neftçi" sonuncu dəfə belə böyükhesablı qələbəni 13 il 4 ay əvvəl – 2012-ci ilin noyabrında Sumqayit üzərində (8:1) qazanmışdı.
Həmçinin, bir mövsümdə üç dəfə 6+ qol fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. Əgər cari mövsümdə daha bir matç belə hesabla bitsə, 2004/05 mövsümündən bəri ilk dəfə yeni rekord müəyyənləşəcək.


