4 qat Formula 1 çempionu Maks Ferstappenin də yer aldığı "Winward Mercedes-AMG" komandası Nürburqrinqdə keçirilən "NLS2" yarışından kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb komandanın təkər limitini pozması olub.
Maks Ferstappen, Jül Qunon və Daniel Xunkadelladan ibarət heyət Nürburqrinqdəki 4 saatlıq dözümlülük yarışında rəqiblərini 59 saniyə qabaqlayaraq finişə birinci çatmışdılar. Lakin qələbə sevinci uzun sürməyib.
Yarışdan sonra məlum olub ki, "ADAC Barbarossapreis" qalibləri qaydalarda icazə verilən 24 təkər əvəzinə 28 təkərdən istifadə ediblər. "Nürburgring Langstrecken-Serie" rəhbərliyi bu məsələdə heç bir güzəştə getməyərək komandanı diskvalifikasiya edib.
Nəticədə qələbə "BMW" pilotları Den Harper və Cordan Pepper cütlüyünə verilib.


