"Oyundan razı qaldım, futbolçular mənə inam verdi, məşqdə etdiyimiz bir çox şeyi meydanda edə bildik".
Offsideplus.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, sözlərinə belə davam edib:
"Bəzi epizodlardan da narazı qaldım, futbolçulara da bu barədə öz fikirlərimi bildirdim.
"Araz-Naxçıvan: Elmar Baxşıyevin vaxtında da, indi də baxımlı oynayır, onlar bizim üçün asan rəqib deyil, futbolçularım çox əziyyət çəkdi.
Sonradan oyuna girən futbolçuların gedişatı dəyişməsi vacibdi, Musa yaxşılığa doğru irəliləyir, yavaş-yavaş o da böyüyür".
Təcrübəli mütəxəssis çempionluq mübarizəsi barədə isə bunu deyib:
"Çempionat asan deyil, hər oyunumuz son saniyələrə qədər gedir, hazırlaşmağa vaxt çox az olur, 2 oyundan sonra fasilə olacaq, bu məni üzür, bir yerdə olmaq daha yaxşıdır.
"Sabah"la oyunlar bizə görə yay üçün hazırlıq olacaq, belə oyunlar rəqabəti artırır.
"Qarabağ" "Sabah"la oyunlara qisas fikri ilə baxmır, sadəcə öz oyununu oynayır".
Q. Qurbanov çempionatdakı komanda sayı barədə isə bunları söyləyib:
"Komanda artımının tərəfdarıyam, problemlərin olacağını düşünmüşdüm, nəyisə qurban verməlisən, böyük məğlubiyyətlər və çətinliklərdən sonra klublar böyüyür.
İnanmıram gələn il hansısa komanda da problem olacaq, sabah hansısa yeni gələn klubun sponsoru çıxa bilər və daha yaxşı formalaşa bilərlər.
Bu qüsurlar həll oluna bilər. Bölgələrdə klubların sayının çox olması futbolun inkşafı deməkdir".


