Son günlərdə ölkə futbol gündəmini zəbt edən əsas məsələ - “Qarabağ” - “Sabah” matçında qonaqların məşqçisinin qeyri-etik jestinə görə AFFA İntizam Komitəsi (İK) tərəfindən cəzalanmamasıdır.

İntizam Komitəsi AFFA nümayəndəsi, 4-cü hakim insidenti oyun protokolunda qeyd etmirsə, qarşı tərəfin şikayəti və ya hərəkətin hər hansı görüntüsü yoxdursa, heç bir cəza verə bilməz. 

Bunu komitənin sədri Erkin Hüseynov da təsdiqləyib. O, bildirib ki, bu hərəkət görüşün hakimlər briqadası və AFFA nümayəndələri tərəfindən protokolda qeyd olunmursa, onlar heç bir cəza vermək hüququna malik deyillər.

Qarşı tərəf şikayət etməsə də, “Qarabağ” klubundakı həmkarlardan üzr istənilib, “Sabah” klubu daxildə toplanaraq lazımi addımlar atıb, məşqçi cəzalandırılıb. Çempionluğa oynayan klubu “guya qoruyurlar” tezisi isə absurddur, komandanın belə dəstəyə əlbəttə ki, ehtiyac yoxdur.  

Maraqlıdır ki, həmin qeyri-etik jestin görüntüsü İK-nın qərarından sonra mediada və sosial şəbəkələrdə yayımlandı. AFFA-ya qarşı yenidən neqativ dalğası oyandı. Qurumu haqlı-haqsız tənqid edənlərə yeni fürsət yarandı.

Həmin görüntülərin qərardan sonra yayımlanması xeyli sual doğurur. “Ədalət təəssübkeşləri” bu görüntüləri öncədən IK-nə təqdim edə bilməzdilərmi? Görünür İK-nin qərarını gözləyib, onları ədalətsizliklə günahlandırmaq istəyi, minlərlə futbol izləyicisini AFFA-ya qarşı neqativə kökləmək daha vacib imiş.

İndi isə keçək AFFA-ya. Futbol təsərrüfatını bərbad vəziyyətdə təhvil alan qurum minlərlə problemlə üz-üzədir. Kadr çatışmazlığı, futbolçu qıtlığı, infrastruktur yoxluğu və lazımi büdcə çatışmazlığdan əziyyət çəkən AFFA belə bir məqamda baş verən hadisəni gizlətməyə cəhd etməkdə maraqlıdırmı?

Bu, gün kimi aydındır ki, belə bir məqamda AFFA qərəzli addım atmazdı. İntizam Komitəsinin davamlı cəza tədbirləri heç bir klubdan yan keçməyib və burada ayrı-seçkilik söhbət mövzusu deyil.

Sonda onu da qeyd edək ki, İntizam Komitəsinin növbəti iclasında “Sabah”ın məşqçisinin məsələsinə yenidən baxılacaq.