“Çalışırıq ki, yoluna qoyaq”.
Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ”baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis transferlərlə bağlı fikirlərini bölüşüb: “Hər futbolçunu başa düşmək olar. Burada iradım futbolçulardan daha çox edilən zənglərədir. Hərə bir tərəfdən vasitəçilik etməyə çalışır. Sanki onlar futbolçunun gələcəyini düşünürlər. Bir futbolçunun bir ağası olar”.
Mütəxəssis azərbaycanlı futbolçulara da marağın böyük olduğunu deyib: “Hamısına var. Bəlkə daha çox elə azərbaycanlı futbolçularadır. Öz menecerlərimiz çoxalıb, kənardan da maraqlanırlar. Daha çox onları istəyirlər.
O bildirib ki, klubun hələ ki, konkret danışıq apardığı futbolçu yoxdur:
“Hazırda hər mövqe üçün danışıqlar aparırıq. Çox sayda futbolçu ilə maraqlanırıq. Qapı xətti, hücum və orta xətt, müdafiə üçün axtarışlar gedir. Komandada bəzi mövqelərdə oyunçu sayını artırmaq istəyirik”.
Qeyd edək ki, "Qarabağ" qış hazırlığına yanvarın 3-də start verib. Komanda məşqlərini yanvarın 10-dək Bakıda davam etdirəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək.



