“Fiziyev tam formadadır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev deyib.
Hazırda MMA döyüşçüsü Rafael Fiziyevlə birgə məşq edən kikboksçu onun növbəti UFC gecəsinə hazırlıq prosesindən danışıb:
"Məşqlər yaxşı keçir. Fikrimcə, Rafael üç raund ərzində dayanmadan rəqibini
döyəcək. Bu qarşılaşmada o, öz səviyyəsini tam şəkildə göstərəcək. Ümumiyyətlə, düşünürəm ki, Fiziyev rəqibindən daha yaxşı və daha güclüdür. İnşallah, qələbə bizim olacaq”.
Nəbiyev hazırlıqların Taylandda keçdiyini də qeyd edib:
"Sağ olsun, məni başqa ölkədən məşq yoldaşı kimi dəvət etdi. Sonrakı proseslərdə də maksimum dəstək göstərdi. Mən onun rəqibi rolunda çıxış edirəm. Demək olar ki, prosesi real döyüş şəraitində aparırıq. Fikrimcə, biz idmançılar daim bir-birimizə dəstək olmalıyıq. Güc birlikdədir”.
Qeyd edək ki, Rafael Fiziyevin növbəti döyüşü fevralın 1-i baş tutacaq. Bakı vaxtı ilə əsas kartın döyüşləri saat 06:00-dan etibarən start götürəcək. Fiziyevin rəqibi braziliyalı Maurisiu Ruffi olacaq.



