İspaniya Futbol Federasiyasının (İFF) sabiq prezidenti Luis Rubialesin məhkəməsi yekunlaşıb.
Offsideplus.az xəbər verir ki, o, İspaniyanın qadın futbolçulardan ibarət milli komandasının üzvü Cennifer Ermosonu öpdüyünə görə 10 min avro cərimələnib. Bundan başqa, məhkəmə L.Rubialesin futbolçuya 200 metrdən çox yaxınlaşmasına qadağa qoyub.
Hadisə 2023-cü il avqustun 20-də dünya çempionatının final matçından sonra baş verib. Avstraliyanın Melburn şəhərində keçirilən həlledici görüş İspaniya yığmasının İngiltərə üzərində minimal hesablı qələbəsi ilə yekunlaşıb. Final qarşılaşmasından sonra sevincinin həddi-hüdudu olmayan L.Rubiales qızıl medalı Cenniferin boynuna asaraq, onun dodaqlarından öpüb.
Fakt qınaq obyektinə çevrildiyindən FIFA İntizam Komitəsinin L.Rubialesi İFF-nin rəhbəri postundan uzaqlaşdırıb. Daha sonra Ermoso özü prokurorluğa müraciət edərək, işin məhkəməyə qədər uzadılmasına nail olub.