Azərbaycan yığması sabah yoxlama oyununda San Marino milli komandası ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, görüşdən əvvək keçirilən mətbuat konfransında yığmamızın müdafiəçisi Cəlal Hüseynov Avstriyada davam edən təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib:
"Mövsüm bitəndən sonra toplanışa yığışmışıq. Toplanışımızda çox yaxşı atmosfer var idi. Ümumi dəyərləndirsəm, hər şey yaxşı keçdi. Son oyunumuzda qalib gəlib Millətlər Liqasına daha yaxşı hazırlaşmaq istəyirik.
Bu bizim işimizdir. Bura milli komandadır, heç bir bəhanə ola bilməz. Sabahkı oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik.
San Marino reytinqdə bizdən aşağıda olsa da, yaxşı komandadır. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək. Qol vursam, mənim üçün daha da yaxşı olar. Əsas odur ki, komanda olaraq sonda qələbəyə sevinək".
Gənc futbolçu gələcəyi barədə isə bunları söyləyib:
"Hazırda klubsuzam. "Arda" (Bolqarıstan) ilə yollarımızı ayrıdıq. Azərbaycana qayıtmağı düşünmürəm. Ayın ortasına qədər yeni klubun müəyyənləşəcəyini düşünürəm".


