2025/26 mövsümü də başa çatdı. 1-ci liqadan elitaya yüksəlsə də, yuxarı, ən azı orta pillələrdə olacağını təxmin etdiyimiz komanda var idi. Söhbət “Qəbələ”dən gedir. “Qırmızı-qaralar” mövsümü 11-ci bitirdilər, pley-off oynayıb elitada qaldılar.
2022/23 mövsümündə kubok finalında “Neftçi”nin stadionunda elə adı çəkilən komandanı məğlub edən “Qəbələ” bu titulun eyforiyasından 3 ildir çıxa bilmir. O gündən bəri ağ gün görmürlər. Əvvəlcə Elmar Baxşıyevi göndərdilər, iki mövsüm əvvəl elitadan düşmək rəsmiləşənə yaxın Kaxaber Sxadadzeni gətirdilər. Sonra göründü ki, problem Baxşıyev deyilmiş. Gürcü mütəxəssisin də gücü yanlız başıbəlalı “Karvan-Yevlax”ı qabaqlamağa çatdı.
İgidi öldür, haqqını yemə. Baxımlı oyunları çox oldu. Yaxşı performans da göstərirdilər. Amma Kaxaber Sxadadzenin hər mətbuat konfransında “bəxtimiz gətirmədi” deməyi, məsuliyyəti futbolçuların təcrübə və keyfiyyət çatışmazlığından olduğunu bildirməsi düzgün deyil. Əksinə bəxtləri gətirdi ki, betərin də betəri - “Karvan-Yevlax” var idi.
Offsideplus.az-a çatan məlumata görə bölgə təmsilçisi Kaxaber Sxadadze ilə yola davam etmək istəyir. Ehtiyac yoxdur, bəylər. Kaxaber müəllim çox güclü məşqçidir, amma öz dövründə. İndi nə “İnter” var, nə də həminki rəqibləri. Legioner limitinin ləğv olunduğu, dinamik çempionatdan baş çıxarmaq Kaxalıq deyil.
Transferlər də elə aşağı səviyyədə deyildi. “İmişli”dən, geri qalmırdılar, “Kəpəz”lə müqayisə etməyə dəyməz. Amma nəticə olmadı ki, olmadı.


