Mövsümün ikinci yarısından etibarən inamlı oyun və nəticələrlə yadda qalan “Neftçi” Konfrans Liqasına yüksələ bildi. 

Offsideplus.az xəbər verir ki, reqlamentə əsasən çempion olan komanda - “Sabah” ÇL-dən, həmin komanda kuboku da qazanıbsa, ikinci pillədəki - “Qarabağ” AL-dən, 3 və 4-cü pillələrin sahibi isə KL-dən mübarizəyə başlamalı idi. Fərq ondadır ki, 3-cü pillə II, 4-cü pillə isə I təsnifat mərhələsindən başlayacaq.

UEFA-nın “Turan Tovuz”a sanksiya tətbiq etməsindən sonra “Zirə” bu turnirdə iştirak edəcək. Bu isə o deməkdir ki, “Neftçi” II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. 

Bu, “Neftçi” üçün həm yaxşıdır, həm də yox. Belə ki, “ağ-qaralar” daha iki həftə istirahət edə bilərlər. Pis tərəfi isə potensial rəqiblərin güclü olmasıdır. Belə ki, Bakı klubunun “Ayaks”, “Kopenhagen”, ÇFR, “Panatinaikos” kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var.

Paytaxt təmsilçisinin potensial rəqiblərinin siyahısı bunlardır:

"Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Panatinaikos" (Yunanıstan), "Rakov", "Katovitse" (hər ikisi Polşa), "Partizan" (Serbiya), "Luqano", "Sion" (hər ikisi İsveçrə), AEK (Kipr), "Başakşehir" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Cluj" (Rumıniya), HJK (Finlandiya), "Jrinski Mostar" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "Hradec Kralove" (Çexiya), "Austriya" (Avstriya), "Vaduts" (Lixtenşteyn), "Norşelland" (Danimarka), "Tobol" (Qazaxıstan), "Hibernian" (Şotlandiya) və "HB Torshavn" (Farer adaları) daxildir.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 17-i keçiriləcək.