"Real Madrid" klubu İspaniya Kral Kuboku finalı öncəsi bəyanat yayıb. 

Offsideplus.az xəbər verir ki, daha öncə klubun "Barselona"ya qarşı oyuna çıxmaqdan imtina etməsi ehtimalı barədə məlumat vermişdik. Madrid təmsilçisi rəsmi saytında yayımladığı bəyanatında bildirib:

"Real Madrid" klubu sabah, 26 aprel tarixində keçirilməsi planlaşdırılan Kral Kuboku finalı üçün təyin olunmuş hakimlərin bugünkü açıqlamalarını qəbuledilməz hesab edir.

"Real Madrid TV" kimi ifadə azadlığı ilə qorunan media orqanında yayımlanan videolar barədə, habelə 24 saat əvvəl bilərəkdən finalın iştirakçılarından birinə qarşı təəccüblü şəkildə səsləndirilən bu etirazlar hakimlərin "Real Madrid"ə qarşı açıq və aşkar ədavətini və düşmənçiliyini bir daha nümayiş etdirir.

Daha təəccüblü, hədələyici tonda, hakimlərin birliyinə işarə edən ifadələr, bütün dünyada yüz milyonlarla insanın diqqətində olan futbol hadisəsindən bir neçə saat əvvəl söylənilib və ədalətlilik, obyektivlik, qərəzsizlik prinsiplərindən uzaq formada səsləndirilib.

Baş verənlərin ciddiliyini nəzərə alaraq, "Real Madrid" ümid edir ki, İspaniya Futbol Federasiyası və hakimlər orqanına cavabdeh olan şəxslər təmsil etdikləri qurumların nüfuzunu qorumaq üçün lazımi tədbirləri görəcəklər".

Xatırladaq ki, "El Klasiko" aprelin 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutmalıdır.