"Real Madrid" klubunda sular durulmaq bilmir. Baş məşqçi Alvaro Arbeloa və komandanın ulduzu Kilian Mbappe arasında mətbuat vasitəsilə baş verən açıq qarşıdurma gündəmi sarsıdıb.
Offsideplus.az xəbər verir ki, Tərəflər bir-birini ittiham edərkən, "Kral klubu"ndakı daxili nizam-intizam məsələsi sual altına düşüb.
Alvaro Arbeloa Mbappenin onun haqqında işlətdiyi "dördüncü hücumçu" ifadələrinə sərt cavab verib. Baş məşqçi bu iddiaları qətiyyətlə təkzib edərək bildirib:
"Mən Mbappeyə dördüncü hücumçu olduğunu deməmişəm. Yəqin ki, məni düzgün anlamayıb. Mənim heyətimdə heç dörd hücumçu yoxdur, belə bir şeyi necə deyə bilərəm?"
Arbeloa öz mövqeyini daha da sərtləşdirərək komandada ulduz faktorunun deyil, məşqçi qərarının önəmli olduğunu vurğulayıb:
"Bu kresloda oturduğum müddətdə kimin oynayıb-oynamayacağına MƏN qərar verirəm. Adların mənim üçün fərqi yoxdur. Kiminsə xoşuna gəlmir? Özü bilər, növbəti şansı gözləsinlər."
Kilian Mbappe isə ehtiyatda qalması və "dördüncü seçim" olması barədə daha əvvəl məşqçidən belə bir rəy aldığını iddia etmişdi. O, bu gün niyə ilk onluqda başlamadığı sualına qısa və kəskin şəkildə "Arbeloadan soruşun" - deyə cavab verib:
Mövsümün nəticəsi: "Titulsuz mövsüm canımızı yandırır. Mövsümün əvvəlində böyük işlər görə biləcəyimizi sübut etmişdik."
Gedişi haqqında: "Mən "Real Madrid"dən getməyəcəyəm."
İtaliya səfəri: "Klubun icazəsi ilə getmişdim. Səyahət edən tək oyunçu mən deyildim."
Ziddiyyətlər: "Mövsümün ilk yarısında çox oynadığım üçün məni tənqid edirdilər. "Kral Kuboku"nda oynamadım və uduzduq. İndi isə oynamamağım müzakirə olunur. Bu heç bir məntiqə sığmır."
İki tərəf arasındakı məsafə Mbappenin son sözləri ilə daha da aydınlaşıb. O, Arbeloanın mətbuat konfranslarını izləmədiyini deyib:
"Mən Arbeloanın nə dediyini bilmirəm. Yalnız Fransız kanallarına baxıram, evimdə İspan televiziyası yoxdur."
Xabi Alonso haqqında da danışan Mbappe, onunla yaxşı münasibətləri olduğunu, lakin Alonsonun artıq keçmişdə qaldığını bildirib.
Görünən odur ki, "El Klasiko"larda qol vurmağı sevən Mbappe ilə Arbeloa arasındakı bu gərginlik yay transfer pəncərəsi və ya gələcək mövsüm öncəsi komandadakı atmosferə ciddi təsir göstərəcək.


