Almaniya futbolunun əfsanəsi Lotar Matteus Çempionlar Liqasında baş tutacaq "Bavariya" – "Real Madrid" qarşılaşması öncəsi Madrid təmsilçisini və onun ulduzu Vinisius Junioru sərt şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Matteus braziliyalı hücumçunun meydandakı davranışlarını qəbulolunmaz adlandırıb:
"Vinisius, şübhəsiz ki, böyük oyunçudur, lakin o, dayanmadan rəqibləri təxribata çəkir. Meydanda ona qarşı sərt, lakin qaydalar daxilində müdaxilə edilən kimi dərhal sızıldamağa və ağlamağa başlayır."
Əfsanəvi futbolçu "Real Madrid" klubunun Rodri qalib gəldiyi üçün "Qızıl Top" mərasimini boykot etməsini də kəskin pisləyib. O, bu hərəkətin klubun tarixinə yaraşmadığını bildirib:
"Rodri dünyanın ən yaxşısı seçildi. Onlar isə dedilər: 'Bu, ədalətsizlikdir! Bizimkilərdən biri qazanmalı idi', və boykot etdilər. Bu, rəqibə, digər komandalara və oyunçulara hörmətsizlikdir."
Matteus hesab edir ki, bu cür davranışlar Madrid klubunun imicinə ciddi zərbə vurur:
"Böyük uğurlar qazanmış, həqiqətən şanlı tarixi olan bir klub belə hərəkətlərlə öz nüfuzunu itirir. Mən "Real Madrid"in son illərdəki davranışlarının doğru olduğunu düşünmürəm."
Xatırladaq ki, Matteus 1990-cı ildə "Qızıl Top"u qazanmışdı və Rodri ondan sonra bu mükafatı alan ilk təbii dayaq yarımmüdafiəçisi oldu.


