“Real Madrid”də Antonio Rüdiger və David Alabanın müqavilələri mövsümün sonunda başa çatır.

Offsideplus.az xəbər verir ki, mövcud vəziyyət göstərir ki, hər iki müdafiəçinin sözləşməsini yeniləməsi ehtimalı azdır. Bu isə klub rəhbərliyini az riskli və böyük maliyyə xərci tələb etməyən alternativlər axtarmağa vadar edib.

“Barselona”nın sabiq müdafiəçisi Oskar Mingesa yay transfer pəncərəsi öncəsi “Real Madrid”in maraq dairəsinə düşüb. Hazırda “Selta Viqo”da çıxış edən 26 yaşlı futbolçunun müqaviləsi iyun ayında başa çatır və yeni sözləşmə ilə bağlı nikbinlik yoxdur.

Klub daxilində isə qısa müddətli planlarla bağlı sakitlik hökm sürür. Rəhbərlikdə yanvar transfer dövrünün emosional və tələsik qərarlar üçün uyğun vaxt olmadığı düşünülür. Bununla belə, “Real Madrid”in prezidenti Florentino Perez mövsüm başa çatdıqdan sonra müdafiə xəttində ciddi dəyişikliklər planlaşdırır.

Mingesanın vəziyyəti də məhz bu kontekstdə ön plana çıxır. Müqaviləsinin bitməsi ona digər klublarla danışıqlar aparmaq imkanı yaradır. Məlumata görə, futbolçunun nümayəndələri artıq onu “Real Madrid”ə təklif ediblər. Oyunçu üçün “Santiaqo Bernabeu”ya transfer karyerasında mühüm addım ola bilər.

Lakin Madrid klubu tələsmir. Bildirilir ki, mövcud futbolçuların müqavilə məsələləri tam aydınlaşmadan heç bir yekun qərar verilməyəcək.

Mingesa əsasən sağ cinah müdafiəçisi kimi çıxış edir və La Liqa təcrübəsi kifayət qədər zəngindir. Bununla yanaşı, o, yalnız “Real Madrid”in maraq dairəsində deyil. İngiltərə Premyer Liqası klublarından “Nyukasl” da futbolçunu izləyənlər arasındadır.