2023/24 mövsümün əvvəli. "Sabah" səfərdə "Partizan"la qarşılaşır. "Bayquşlar" Bakıda sərfəli nəticə əldə edərək Belqrada yollanmışdı.
Lakin fərdi səhvlərdən yararlanan serbiyalılar hesabı bərbərləşdirdilər. Əlavə vaxtda qol olmadığından qalibi penaltilər seriyasında müəyyən etmək lazım idi. Son zərbəni Namik Ələskərov yerinə yetirirdi. Millimizin üzvü dəqiq olmadı. "Partizan"ın qolkiperi qaydaları pozduğu üçün hakim zərbəni təkrarladı. Lakin həmin gün şans Namikdən üz döndərmişdi.
Təbii ki, arzulanmaz məqam idi. Futbolçu özü də bu duruma düşmək istəməzdi. Hamı məğlubiyyətə görə oyunçunu qınayırdı. Ardıcıl 2 zərbəni dəqiq yerinə yetirməmək günahını bağışlatmaq asan deyildi. Medianın, azarkeşlərin, baş məşqçinin təpkisi başa düşülən idi. Amma bəzi şeyləri başa düşmək olmurdu. Məsələn, sosial şəbəkələrdə yazırdılar ki, Namik "Bursaspor"a gedərək özünü məhv etdi. "Neftçi"dən ayrılmamalı idi. Bu da oyunçunu psixoloji uçuruma aparırdı. Hətta Murad Musayev Namikə az şans verməyə başladı. Daha sonra oyunçu uzun müddətli zədələndi.
Müsəlman aləmin belə deyim var: "Allah dərdi çox verəndə necə səbir etdiyinə baxır. Dözə bilsən, mükafatın da böyük olur". Belə də oldu. Bütün çətinliklərə baxmayaraq, Namik özünü toparladı. Zədəsini bərpa etdi. Əsas heyətdəki yerini qaytardı. Mükafatı isə "Neftçi" ilə oyunda aldı. Derbidə komandasının yeganə qolunu vuraraq "Sabah"ın Konfrans Liqasında iştirak etməsinə şərait yaratdı. Bu, intiqam idi. "Partizan"la oyunda penaltiləri dəqiq yetirə bilmədiyi üçün onu sıxan Murad Musayevdən, "Namikin vaxtı getdi" deyənlərdən alınan qisas idi...