“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. "Aris" də həmçinin. Yunanıstan klubu bizim üçün arzuolunmaz rəqibdir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan“ın futbolçusu Qara Qarayev deyib.

Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi UEFA Konfrans Liqasının ikinci mərhələsində qarşılaşacaqları Yunanıstan təmsilçisi "Aris" barədə fikirlərini bölüşüb.

"Rəqib haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq. Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq. Yaxşı heyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzmkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”, - deyə Q.Qarayev vurğulayıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" və "Aris" arasında oyunlar iyulun sonlarında keçiriləcək.