Bu həftə sosial şəbəkələrdə bir neçə il əvvəl yazılmış podkastdan bir fraqment geniş yayılıb.
Offsideplus.az xəbər verir ki, həmin videoda "Qolden Steyt Uorriors"un forvardı Draymond Qrin "Nyu York Niks"in basketbolçusu Ceylen Bransonun komandaya maliyyə güzəşti edərək yeni müqavilə imzalamasını tənqid edib.
Qrin həmin söhbətdə bu cür güzəştləri Branson kimi ulduzların yox, Coş Hart kimi komanda oyunçularının etməli olduğunu bildirib. O əlavə edib ki, vaxtilə özü də "Qolden Steyt Uorriors"da Stefen Karri (270 milyon dollar) və Kley Tompsonun (180 milyon dollar) fonunda daha az məbləğə oynamağa razı olub.
Yayılan video Coş Hartın da diqqətindən yayınmayıb: "Yetkin insanlar arasında başqasının qazancını hesablamaq normal sayılmamalıdır", – deyə təcrübəli basketbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Qrin isə Hartın bu reaksiyasına dərhal cavab verib: "Adam iki il gözləyib, indi cavab verir? Niyə o vaxt demirdi? Gəlin belə edək: fikrimizi yalnız işlər yaxşı gedəndə yox, həmişə bildirək. Cavab vermək üçün ən doğru an elə həmin andır. Həmişə ardıcıl olun!"


