"Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli çalışdırıcı UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində qarşılacaqları Yunanıstan "Aris"i barədə fikirlərini bölüşüb.

O, rəqib barədə məlumat toplayacaqlarını bildirib: "Bu yarışda rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Qeyd edək ki, "Araz-Naxçıvan" və "Aris" arasında ilk matç iyulun 24-də, cavab görüşü isə bundan bir həftə sonra keçiriləcək.