Kiprin AEL klubunun baş məşqçisi Duşan Kerkez UEFA Konfrans Liqası çərçivəsində "Qarabağ"la cavab qarşılaşması öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, bosniyalı mütəxəssis oyun haqqında bunları deyib:

"Çox həyəcanlıyıq, çünki avrokuboklarda güclü rəqibə qarşı oynayacağıq. Hər iki klub Avropada kifayət qədər təcrübəyə malikdir. İlk oyunun nəticəsini artıq unutmuşuq və yalnız sabahkı oyuna köklənmişik. Kiprdəki matçdan sonra heç nə məlum deyil. Növbəti mərhələyə çıxmaq istəyirik. Bilirik ki, sabah stadionda kifayət qədər azarkeş "Qarabağ"ı dəstəkləyəcək. Lakin biz də bu atmosfer üçün darıxmışıq və rəqib azarkeşlər bizə motivasiya verəcəklər. İlk oyunda hər iki komanda açıq futbol üstünlük verdi. İnanıram ki, sabah da maraqlı qarşılaşma izləyəcəyik".

- Son illərdə Kipr təmsilçiləri ilə görüşlərdə Azərbaycan klubları xoşagəlməz hadisələrlə üzləşir. Niyə bizim klublar orada aqressiya ilə qarşılanır?

- Bunu çox yaxşı başa düşürəm, çünki özüm də Yuqoslaviyadanam. 2021-ci ildə meydanda belə hadisələrə yer yoxdur. İstəməzdik ki, futbolda belə hallar bundan sonra yaşansın. Bizim işimiz futboldur. Heç kimlə problemimiz yoxdur.

- İlk oyundakı hadisələrdən sonra "Qarabağ" fanatları AEL-ə qarşı aqressiv olacaqlar. Bunun sizə mənfi təsiri olacaqmı?

- Azarkeşlər öz komandalarını dəstəkləyirlər. İnanmıram ki, sabah bu amil bizə təsir etsin. Komandamız daha ağır şərtlərdə meydana çıxıb. Hazırda yalnız oyuna köklənmişik.

- Növbəti mərhələyə çıxmaq üçün şansları necə dəyərləndirirsiz?

- Turu keçəcəyimizə inanıram, amma çox güclü rəqibə qarşı oynayacağıq. Hazırda "Qarabağ"ın şansları kağız üzərində daha çoxdur.

- Növbəti tura çıxa bilməsəniz, bunu faciə kimi qəbul edəcəksinizmi?

- Bütün diqqətimizi sabahkı oyuna yönləndirmişik. Yalnız final fitindən sonra bu barədə bir fikir səsləndirə bilərəm.

- Tura keçməsəz, bu Sizə üçün faciə olacaqmı?

- Bütün diqqətimiz fikrimiz sabahkı oyundadır. Bu daha vacibdir. Oyundan sonra düşünəcəyik.