"Tvente"nin baş məşqçisi Con van den Brom "Qarabağ"la matçdan sonra komandasının oyunundan narazı qalıb.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis məğlubiyyəti belə şərh edib:
"Əgər bu səviyyədə — UEFA Konfrans Liqasının pley-off mərhələsində və çox yaxşı rəqibə qarşı oynayırsansa, özün də mükəmməl olmalısan. Biz isə bu gün yaxşı deyildik. Bir neçə futbolçumuz öz imkanlarından aşağı səviyyədə çıxış etdi. Səviyyəni qoruyanlar sayəsində oyunda qala bildik. Bu baxımdan bilirəm ki, bu gün göstərdiyimizdən daha yaxşı oynamağa qadirik".
Təcrübəli çalışdırıcı komandasının hücumda kəsərsiz olduğunu vurğulayıb:
"Rəqib meydançasında çox olduq, cərimə meydançasına xeyli ötürmə etdik, lakin real təhlükə yaratmaqda çətinlik çəkdik. Bu, həmin an nümayiş etdirilən keyfiyyətlə bağlıdır. İkinci hissədə "Tvente"nin ən yaxşı periodunu gördüm, bəlkə də hesabı bərabərləşdirməyə layiq idik. Lakin pley-offun ev oyununda 90 dəqiqə ərzində yalnız 10 dəqiqə yaxşı oynamaq çox azdır".
Gələn həftə Azərbaycanda keçiriləcək cavab matçına da toxunan Van den Brom hələ heç nəyin bitmədiyini bildirib:
"Əgər cavab görüşündə öz oyunumuzu göstərə bilsək, bu gecəkindən daha çoxuna nail olarıq. Daha yaxşı futbol oynamalıyıq. Hesab cəmi 0:1-dir. Futbolda həmişə şanslar olur və biz bunun üçün mübarizə aparacağıq".


