“Neftçi” klubunun baş məşqçisi Adrian Mutu UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Jelezniçar”la cavab qarşılaşmasından sonra (2:0) mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, o, yaxşı mübarizə apardıqlarını söyləyib:

“Ağır oyun oldu. Yaxşı mübarizə apardıq. Növbəti mərhələyə çıxmağa layiq idik. “Beşiktaş” çox gözəl rəqibdir. Həmin matça qədər ölkə çempionatında oyunumuz var və biz ona hazırlaşacağıq. İnkişaf etmək üçün işlərimizi davam etdiririk. Hazırda görmək istədiyim komandanın neçə faizinin meydançada olduğunu demək çətindir.

İki gənc hücumçumuz var və heyətə iki forvard da cəlb etmək istəyirik ki, rəqabət güclənsin. Mən qətiyyən müqayisələr aparmaq istəmirəm. Məşqçilərin işlərinə hörmətlə yanaşmaq lazımdır.

Azər Əliyev dirsəyindən zədə alıb və hazırda xəstəxanadadır. Ümid edirəm ki, tezliklə sağalacaq. Mənim üçün rəqibin fərqi yoxdur. Çalışacağıq ki, öz oyunumuzu göstərək və zamanla inkişaf edək.

Yerli futbolçular barədə şikayət etmək istəmirəm. Güclü və təcrübəli yerli oyunçulara sahibik. Onlar tapşırıqlarımı düzgün qavrayırlar. Məqsədimiz titul qazanmaqdır. Bu, asan olmayacaq. Çox uzun yol qət edəcəyik.

Koffi hələ də zədəlidir. İstəyərdim ki, o, komanda ilə birlikdə olsun. Biz ailəyik və həmişə birlikdə olmalıyıq. Tək Koffi yox, elə Qara Qarayev də həmin futbolçulardandır.

Qara yaxşı futbolçudur. Azərbaycan üçün önəmli isimlərdəndir. Hazırda komandamızın kapitanı var. Qara və Emin qardaş kimidirlər. Kapitanlıq sarğısını kimin daşımasının önəmi yoxdur. Əsas olan meydançada bütün futbolçularımın liderlik göstərməsidir. Güclü oyunçularımız çoxdur”.

İki oyunun nəticəsinə əsasən, “ağ-qaralar” 4:2 hesablı qələbə qazanıb və adını növbəti mərhələyə yazdırıb. Bakıdakı matçdan sonra “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç mətbuat konfransına qatılmaqdan imtina edib.