Mövsümün başlanğıcında qarşısına böyük hədəflər qoyan, çempion titulunu və ya ən pis halda, avrokuboklara vəsiqə qazanmağa çalışan "Neftçi" kuliminasiya nöqtəsinə yaxınlaşır. Təqvimə nəzər saldıqda başa düşmək olur ki, qarşıdakı 10 gün "ağ-qaralar" üçün çox vacib period olacaq. Bunu inzibati və məşqçi heyət üçün stress-test də adlandırmaq olar.
QRİQORÇUKUN "HƏDİYYƏ"Sİ
Əslində, "Neftçi" üçün mövsümün böyük hissəsi stresli, həyəcanlı, xoşagəlməz keçib. Ustalıq səviyyəsi aşağı olan legionerlərin keçidi ilə müşahidə olunan transfer siyasəti və uğursuz baş məşqçi seçimi ölkənin ən qocaman futbol klubunu Premyer Liqada 10 komanda arasında 9-cu yerə salacaq qədər rüsvayçı vəziyyətə səbəb olmuşdu. Roman Qriqorçukun əvəzinə Samir Abasovun gəlişindən sonra hələ bir müddət "Neftçi" camiəsi özünə rahatlıq tapa bilmədi. Komandanın çıxışında bir nüans çatışmırdı: sabitlik! "Zirə"ni 2 dəfə məğlub edən kollektiv "Sumqayıt"a uduzdu... "Sabah"a boyun əyməyən komanda "Kəpəz"lə bacarmadı... Müdafiədəki səhvlər "göz oxşadı", Samir Abasov Ağadadaş Salyanskini xalqın içində danlayacaq qədər təmkinini itirdi. Alfa Konte, Yeqor Boqomolski, Andrey Ştoqrin kimi əcnəbilərin hansı möcüzə sayəsində "Neftçi"də peyda olmasına, Ramil Şeydayevin niyə görə vaxtını ehtiyat oyunçular skamyasında keçirməsinə cavab verən tapılmadı. Hər uğursuzluq, hər xal itkisindən sonra azarkeşlər narazılıq etdilər, klub rəhbərliyi tənqidə məruz qaldı.
"ZİRƏ" VƏ "QARABAĞ"LA OYUNLAR
Əlqərəz, mart çıxdı, dərd çıxdı. "Neftçi" də Premyer Liqada 6-cı pilləyə çıxdı, Azərbaycan Kubokunda yarımfinala çıxdı. Tənqidlər bir qədər səngidi, fanatlarda mövsümün sonu ilə bağlı nikbin hisslər yarandı. Məhz qarşıdakı 10 gün - 13-23 aprel isə çox suallara aydınlıq gətirəcək. "Ağ-qaralar" bu müddət ərzində "Zirə" (13 aprel), "Qarabağ" (19 aprel) və "Sabah"la (23 aprel) üz-üzə gələcəklər. Ən ağrılı məqam "Neftçi"nin "Qarabağ"ın çempionluğuna verə biləcəyi töhfədir. Bəli, məhz "Neftçi" "Qarabağ"ı çempion edə bilər. Təsəvvür edin ki, Bakı təmsilçisi özü çempionluq medalını "Qarabağ"ın boynundan asacaq. Bu, taleyin ironiyasıdır, yoxsa ilahi təsadüf - bunu bilmirəm - ancaq bir məqam var ki, "Qarabağ" məhz əzəli rəqibi "Neftçi" ilə oyunda növbəti çempionluğunu rəsmiləşdirməyə yaxındır. Bundan ötrü bu gün "Zirə"ni məğlub etmək və ya meydandan 1 xalla ayrılmaq lazımdır. Rəşad Sadıqovun komandası bu gün "Neftçi"yə uduzsa belə, Ağdam klubu rəsmən çempion ola bilməz. Buna Premyer Liqanın Əsasnaməsi imkan vermir. Bir dəqiqə riyazi hesablamalarla məşğul olub, dərhal qayıdaq "Neftçi"nin məsələsinə. Hazırda "Qarabağ"ın 73 xalı, "Zirə"nin isə 55 xalı var. Fərq 18 xal. Bu gün "Zirə" məğlub olsa, aradakı 18 xal azalmayacaq. Xəyalən, qarşıdakı 6 turun hamısında "Zirə" qalib gəlir, "Qarabağ" məğlubiyyətləri sıralayır və bu zaman hər iki kollektivin 73 xalı olacaq. Əsasnaməyə görə, iki klubun eyni xalı olduqda, üstünlük daha çox qələbə qazanan komandanın tərəfinə keçir. Yuxarıda fərz etdiyimiz fantastik sonluq baş verəcəyi təqdirdə, "Zirə"nin 24, "Qarabağ"ın isə 23 qələbəsi olacaq və birincilər tarixi çempionluğa qovuşacaqlar....
"DÜTDÜLÜ"
Keçək reallığa. Yəqin ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadonunda "Qarabağ"ın çempionluq məsələsi həllini tapacaq. Əzəli rəqibin çempionluq sevincini, hay-küyünü, şadyanalığını görmək də "Neftçi" üçün ayrıca bir dərddir. Axı, hər şey tərsinə ola bilərdi. Daha doğrusu, "ağ-qaralar"ın rəhbərliyi başqa vədlər vermişdi. İndi ən yaxşı halda, flaqman qarşıdakı oyunlarda xal ehtiyatını artırıb, klubun imici üçün "Sabah"ı 5-ci yerdən sıxışdıra bilər. Ancaq indiki məqamda Premyer Liqanın 5-ci pilləsi bəzən nərd oyunlarında yersiz atılan "dütdülü" qədər faydasızdır. Azərbaycan Kubokunu qazanmaq və avrokuboklarda iştirak hüququna yiyələnmək lazımdır. Başqa çıxış yolu yoxdur! Yoxsa, uğursuzluq aramsız yaz yağışlarından sonra hədəqəsindən çıxan dağ çayı kimi "Neftçi" rəhbərliyini və ya məşqçi heyətini (ola bilsin, hər ikisini) yuyub apara bilər.
Kuboku qazanmaq isə asan məsələ deyil. Nəinki qazanmaq, finala çıxmaq belə çətin vəzifə sayılır. "Neftçi" aprelin 2-də öz meydanında 1:2 hesabı ilə uduzub. Açığı, komandada geridönüş etməyə nə güc var, nə də inam. "Sabah" birinci oyunda ədalətli qələbə qazandı, kubokun finalına daha layiq olduğunu göstərdi. Etiraf edək ki, bu mövsüm "Neftçi"nin yarımfinala qədər gəlib çıxması "ağ-qaralar"ın keşməkeşli kubok mübarizəsində əzmkar oyunu yox, sadəcə, rəqiblərin zəifliyi sayəsində mümkün olub (1/8 finalda "Difai", 1/4 finalda "Kəpəz"). İlk ciddi rəqib "Neftçi"yə yerini göstərdi.
Bax, budur stress-test... Aprelin 23-də Masazıra yollanarkən "Neftçi" rəsmilərinin beynində hansı fikirlər dolaşacaq... Və ya hansı fikirlər dolaşmayacaq... Zarafat deyil, kubokda finala çıxa bilməmək sonun başlanğıcını gətirə bilər. Hətta radikal islahatların qaçılmaz olması mümkündür. Çünki titulsuz klub yelkənsiz gəmidir. İstəsən də, uzağa üzə bilməz...