Əlverişsiz hava şəraiti futbol üzrə Azərbaycan çempionatının II Liqasında planları pozub.

Offsideplus.az xəbər verir ki, bu gün Şəmkir Olimpiya İdman Kompleksində XXI tur çərçivəsində oynanılması nəzərdə tutulan "Şəmkir" - "Kür-Araz" matçı ilə bağlı problem yaranıb.  

Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev saytımıza açıqlamasında bildirib ki, güclü yağış səbəbindən Şəmkirdəki stadionun ot örtüyü yararsız vəziyətə düşüb: "Buna görə “Şəmkir” - "Kür-Araz" matçının Tovuz şəhər stadionunda bu gün saat 18:00-da start götürməsi nəzərdə tutulub. Günün digər qarşılaşmalarının təqvimi öz qüvvəsində qalır. Oyunlarla bağlı fors-major hallar meydana gələrsə, Əsasnamənin tələblərinə uyğun olaraq qərarlar veriləcək".

Qeyd edək ki, II Liqanın bu gün üçün digər 2 qarşılaşması Saatlıda (“Araz Saatlı” - “Şimal”) və Şamaxıda (“Füzuli” - “Ağdaş”) olmalıdır. Hər iki matçın saat 16:30-da başlanması planlaşdırılıb.