Dünya 2 nömrəsi Yannik Sinner bazar günü keçirilən finalda İrji Leheçkanı 6-4, 6-4 hesabı ilə məğlub edərək karyerasında ikinci dəfə "Mayami Masters" turnirinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, bu qələbə ilə o, "İndian Uells"dəki çempionluğuna Mayami titulunu da əlavə edib.
Sinner "Günəş Dublu"nu (Sunshine Double) tamamlamağı bacarıb. O, Rocer Federerdən sonra (2017) Kaliforniya və Floridadakı elit bərk örtüklü turnirlərin hər ikisində ardıcıl qalib gələn və bunu set vermədən bacaran ilk kişi tennisçi olub.
Sinner, ötən il Parisdəki qələbəsindən başlayaraq ardıcıl üç Masters 1000 turnirində zəfər çalıb.
"Bu, çox, çox xüsusi bir andır",- deyə Sinner bildirib. "Buraya gəlmək və İndian Wells-dən sonra yenidən belə yüksək səviyyədə çıxış etmək mənim üçün çox şey deməkdir. Buna nail olmaq çətin olduğu üçün belə bir uğur qazanacağımı heç vaxt düşünməzdim".
Onun bu qələbəsi və şənbə günü Arina Sabalenkanın Koko Qauff üzərindəki zəfəri ilə 2016-cı ildən (Novak Cokoviç və Viktoriya Azarenka) bəri ilk dəfə həm kişi, həm də qadın tərəfində eyni mövsümdə İndian Uells-Mayami seriyası tamamlanıb.
Qeyd edək ki, yağış səbəbindən matçın başlanğıcı bir saatdan çox gecikib. Sinner ilk seti qazandıqdan sonra yağış yenidən başlayıb və oyun daha 90 dəqiqə dayandırılıb.


