"Qalatasaray"da Mauro İkardi ilə bağlı ciddi problem yaranıb.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz ən geci cümə günü komandaya qoşulmalı olsa da, hələ də geri dönməyib. Bəzi futbolçuların İkardinin bu davranışından narahat olduqları və narazılıqlarını bildirdikləri qeyd edilir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Baş məşqçi Okan Buruk futbolçunun gecikməsindən sonra komandaya bazar ertəsinə qədər icazə verib. Bazar günü qayıtması gözlənilsə də, hazırda bu istiqamətdə heç bir hərəkətlilik yoxdur.

Məsələnin maliyyə tərəfi də olduqca mürəkkəbdir. İkardinin 4 milyon avroluq imic haqqı ödənişini 1 şirkət və 3 şəxs 10 taksitlə həyata keçirir. Bu şəxslərdən birinin adının fərqli məsələlərdə hallanması səbəbindən 800-900 min avroluq bir gecikmə yaranıb. Futbolçunun Türkiyədəki vəkili qanuni müddət ərzində xəbərdarlıq göndərməsə, bu məbləği almaq hüququnu itirəcəyi üçün artıq lazımi hüquqi addımı atıb.