Voleybolçu qızlardan ibarət Azərbaycanın U-18 millisi Avropa çempionatının II təsnifat mərhələsində mübarizə aparacaq.
Offsideplus.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, yığmamız artıq turnirin keçiriləcəyi İspaniyaya yola düşüb. Kadis şəhərində təşkil olunacaq yarışda komandamız C qrupunda yer alıb. Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi voleybolçularımız bu qrupda meydan sahibi İspaniya ilə yanaşı, Estoniya və Niderland yığmalarına qarşı çıxış edəcəklər.
Qeyd edək ki, martın 27-dən 29-dək keçiriləcək AVRO-2026-nın bu mərhələsində ümumilikdə 20 komanda 5 qrupda birincilik uğrunda yarışacaq. Mövcud reqlamentə əsasən, yalnız qrupunu lider kimi tamamlayan kollektivlər qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin edəcəklər.


