Növbəti mövsüm I Liqada çıxış edəcək "Baku Sportinq" yeni "futbol ili"ndə hazırlaşır.
Düzdür, hələ ki, komanda heyətinə 4 futbolçu cəlb edib. Kollektivin baş məşqçisi Elman Sultanov Offsideplus.az-a açıqlamasında hazırlıqlardan bəhs etdi:
"Bu il I Liqada debüt edəcəyik. Güclü rəqiblərin olduğunu bilirik. Hədəfimiz maksimun irəliləməkdir. Planlar çoxdur. Klubun öz bazası, stadionu yaradılır. Bu işlər həllini tapandan sonra, infrastruktur baxımından nümunəvi komanda olacağıq".
Mütəxəssis yeni futbolçuların transfer edilmə ehtimalından da danışıb:
"Heyətə təzə oyunçular qoşulub. Hətta onların içərisində yığmamızın şərəfini qoruyan Nazim Həsənzadə də (U-21) var. Təbii ki, heyəti komplekləşdirmək çalışmalarımız davam edir. Bəzi legioner futbolçularla da maraqlanırıq. Şərtlər uyğun olarsa, onları da heyətimizə cəlb edəcəyik".