Ukraynanın 2024/2025 mövsümü üçün ən yaxşı məşqçisi Ruslan Rotan Bakının "Sabah" klubunu çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Ukraynanın "TaToTake" futbol tok-şousunda məlumat verilib.

Bildirilib ki, R.Rotan danışıqlar aparmaq üçün Bakıya gəlib və "Sabah" rəhbərliyi ilə görüşüb.

Qısamüddətli səfərdən sonra 43 yaşlı çalışdırıcı öz vətənində daha bir iş təklifini nəzərdən keçirmək fikrindədir. O, bu gün Ukrayna çempionatını 4-cü yerdə bitirmiş "Polissya" rəhbərliyi ilə də görüşməyi planlaşdırıb.

ruslan-rotan-1 Qeyd edək ki, Ruslan Rotanın çalışdırdığı "Oleksandriya" klubu bir neçə gün öncə başa çatan mövsümdə Ukrayna Premyer Liqasının gümüş medallarını qazanıb. Komanda hətta Ukrayna futbolunun hegemonlarından sayılan "Şaxtyor"u üstələyib və Donetsk təmsilçisi son 25 ildə çempionatda ilk dəfə 3-cü yerlə kifayətlənib. 

Ruslan Rotan futbolçu kimi də azərbaycanlı azarkeşlərə tanışdır. İstedadlı yarımmüdafiəçi kapitanı olduğu "Dnepr"in heyətində Avropa Liqasının 2014/2015 mövsümündə 2 dəfə "Qarabağ"a qarşı forma geyinib (1:0; 1:2). Həmin mövsüm Avropa Liqasının finalına qədər irəliləyən "Dnepr" həlledici görüşdə "Sevilya"ya 2:3 hesabı ilə uduzub.

Onu da əlavə edək ki, hazırda "Sabah"ı rusiyalı Vasili Berezutski çalışdırır. Onun rəhbərliyi altında "bayquşlar" Misli Premyer Liqasında 5-ci yeri tutsalar da, mayın 31-də Azərbaycan kubokunu qazana bilərlər.