AFFA danışılmış oyunlarla bağlı maarifləndirmə işlərini davam etdirir.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə "Zirə" klubunun U-15, U-16, U-17 və U-19 komandalarının futbolçularına sözügedən mövzuda seminar keçirilib.
Tədbirdə 2 mövzu diqqət mərkəzində olub: “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır”.  
UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli yeniyetmə futbolçulara mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında məlumat verilib. Neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda müvafiq linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərmək imkanlarının olması bildirilib.