Bakı Dövlət Universitetinin (BDU) itkin düşən tələbəsinin Bakı bulvarında dənizdə meyiti tapılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Əldə olunan məlumata görə, meyiti tapılan şəxs bir müddət əvvəl itkin düşən Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbəsidir.
O, universitetdə özünü idmançı, Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirlərin qalibi kimi təqdim edibmiş. Hətta ötən il 18 yaşlı İlkin Qənbərli guya həmin il 13-15 fevral tarixində keçirilən Beynəlxalq turnirdə 55 kq çəki dərəcəsində erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olduğu barədə yalan məlumat yayıb.
O, özünün 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu barədə təhsil aldığı universiteti inandırıb.
Ötən il isə BDU-nun rektoru Elçin Babayev guya Fransanın paytaxtı Parisdə keçirilən Yunan-Roma güləşi üzrə Beynəlxalq turnirin qalibi olmuş İlkin Qənbərli ilə görüşüb və onu təltif edib.
Amma o itkin düşəndən sonra və onun idmançı olması ilə bağlı yayılan məlumatlar fonunda Güləş Federasiyası məlumat yayıb ki, bu tələbənin federasiyaya heç bir aidiyyəti yoxdur.
Qeyd olunub ki, belə bir idmançının peşəkar səviyyədə heç bir uğuru olmayıb.
Sonradan Güləş Federasiyasının yaydığı məlumatdan sonra BDU da təkrar məlumat yayaraq, təəssüf hissi ilə qeyd edib ki, İlkin Qənbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.(veteninfo.az)