Niderland Futbol Federasiyası bu barədə qərarı UEFA ilə məsləhətləşdikdən sonra mövsümün ləğv edilməsinə qərar verib. 

Offsideplus.az xəbər verir ki, bir müddət əvvəl mövsümü yarımçıq ləğv edən ölkələrin klublarını avrokuboklara buraxmamaqla hədələyən qitə futbol qurumu fikrini dəyişib. Belçikalıların gələn mövsüm Çempionlar Liqası və Avropa Liqasından kənarda qalma ehtimalını istisna etməyən UEFA koronavirus pandemiyasının yaratdığı problemlərin artdığını görüncə fərqli qrafik cızmağa başlayıb.

Hollandiyada futbol yarışları sentyabra qədər dayandırıldıqdan sonra yerli federasiya bu məsələni UEFA ilə müzakirə edib və bu həftə ərzində çempionatın ləğvi qərarını açıqlayacaq. Qurum isə avrokuboka vəsiqə məsələsində ölkələrdəki son duruma görə qərar verəcək.

Bu isə çempionatı ləğv olunan liqa iştirakçılarının gələn mövsüm avrokuboklardan kənarda qalmayacaqları anlamına gəlir.

Qeyd edək ki, ilk olaraq Belçikada mövsümün ləğv edilməsi qərara alınıb.