Bakıda ilk dəfə keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatı Azərbaycan millisinin tarixi uğuru ilə başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Sea Breeze" istirahət mərkəzində təşkil edilən mundialda 30-dan artıq ölkədən 150-yə yaxın idmançı mübarizə aparıb. Baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında çıxış edən Azərbaycan komandası yarışı ümumilikdə 8 medalla tamamlayıb.

İdmançılarımızdan Elcan Həsənov (60 kq) və Nihad Süleymanlı (80 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Əlirza Heybətli (60 kq), Elgün Kərimli (90 kq) və Rəna Nuriyeva (65 kq) gümüş, Tunar Quliyev (70 kq), Ruslan Vəliyev (80 kq) və Simurə Abdullayeva (75 kq) isə bürünc medala sahib çıxıblar.

Qadın güləşçilərimiz 1 gümüş və 1 bürünc medalla 54 xal toplayaraq komanda hesabında dünya çempionu adını qazanıblar. Bu, Azərbaycan çimərlik güləşi tarixində qızlar arasında ilk belə uğurdur. Qadınların mübarizəsində ABŞ (53 xal) ikinci, Yaponiya (52 xal) isə üçüncü yeri tutub.

Oğlanların yarışında 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan millimiz 85 xal toplayıb. Eyni xalı toplayan İran komandası əlavə göstəricilərə görə 1-ci yeri tutub, Azərbaycan ikinci, Seneqal (32 xal) isə üçüncü pillədə qərarlaşıb.