Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşçilərimiz ilk medallarını qazanıblar.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığması 2 gümüş və 1 bürünc medala sahib çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan Ömər Salmanov finalda rusiyalı Artyom Tkaçenkoya (1:5), 55 kq-da isə Qurban Məcnunov digər Rusiya təmsilçisi Edem Payziyevə gərgin görüşdə (1:2) məğlub olaraq qitə birinciliyinin gümüş medallarını qazanıblar.

Günün digər uğurlu nəticəsinə Orxan Həbibli (65 kq) imza atıb. O, təsəlliverici görüşdə yunan rəqibini, bürünc medal uğrunda həlledici qarşılaşmada isə ukraynalı Oleksandr Venetsi eyni hesabla - 9:0 darmadağın edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.