Bu gün Azərbaycan Güləş Federasiyası (AGF) Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) və "Arkoz Qazax Sement Zavodu" MMC arasında Memorandum imzalanıb.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2026-cı ilin İdman Paytaxtı seçilmiş Qazax rayonunda baş tutan tədbirdə AGF-nin baş katibi Pərvin Piriyev, AHİİTA-nın direktoru vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev, “Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Çağlayan üçtərəfli əməkdaşlığa imza atıblar.

Anlaşmaya əsasən, Qazax şəhər stadionunun güləş zalı əsaslı təmir edilərək regionun güləş mərkəzi kimi yenidən istifadəyə veriləcək. 

Memorandumda bölgədə idman infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi, idman tədbirləri, turnirlər və sosial layihələrin birgə təşkili, zavod əməkdaşlarının, həmkarlar ittifaqı üzvlərinin və onların yaxınlarının idman tədbirlərinə cəlb olunması və sağlam həyat tərzinin təşviqi, korporativ sosial məsuliyyət çərçivəsində gənclərin və yeniyetmələrin idmana cəlb edilməsi üçün birgə təşəbbüslərin hazırlanması və həyata keçirilməsi, informasiya və təbliğat sahəsində qarşılıqlı dəstək, tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi üçün digər birgə layihələrin icrası da nəzərdə tutulub.