"Sabah" Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Xose Manuel Armada Zarko "Sabahın Ulduzları" layihəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis turnirin təşkilini yüksək qiymətləndirib:

"Düşünürəm ki, çox fərqli və yaxşı turnirdir. İspaniyadakı yarışlarla müqayisədə daha uzunmüddətlidir, amma burada müxtəlif komandaları və oyunçuları görmək imkanımız olur. Bu matçlar futbolçularımızın inkişafı və yaxşı başlanğıc etmələri üçün çox əlverişlidir".

Zarko U-14 və U-15 liqalarında tam beynəlxalq standartların tətbiq olunmasının vacibliyinə də toxunub:

"Bu yaş qrupları üçün bənzər turnirləri daha da təkmilləşdirməliyik. Beləliklə, həm akademiyamızın, həm də ümumilikdə azərbaycanlı gənc futbolçuların potensialını nümayiş etdirə bilərik. Bu, bizim üçün həqiqətən də maraqlı təcrübədir".