Veteran futbolçu, "Qarabağ" Futbol Akademiyasının məşqçisi Samir Musayev klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirib.
Offsideplus.az saytına danışan çalışdırıcı öncə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə qoşulacaq “Qarabağ” haqqında fikirlərini söyləyib:
“Qarabağ”ın bu qarşılaşmada çətinlik çəkəcəyini düşünmürəm, çünki komanda lazımi transferləri edib və oyuna tam hazırdır. "Şelburn"un da üstünlüyü var. Əvvəla, bu gün evdə mübarizə aparırlar. Üstəlik, bu qarşılaşmaya qədər Çempionlar Liqasında bir mərhələ oynayıblar. Rəqib standart vəziyyətlərdə təhlükəli ola bilər. Buna baxmayaraq, yenə də “Qarabağ”ın bu mərhələni keçəcəyinə inanıram”.
“Zirə” - “Hayduk” cütü barədə
"Rəqibin avrokuoklarda təcrübəsi çoxdur. Ancaq Rəşad Sadıqov da yaxşı komanda yaradıb. Bunu Azərbaycan çempionatında da gördük. Fikrimcə, maraqlı oyun olacaq. “Zirə” üçün əsas çətinlik rəqibin təcrübəli olmasıdır. Amma “Zirə”nin bu oyunda qalib gələcəyini düşünürəm. Bu gün doğma meydançada oynamağımızdan istifadə edə bilsək, mərhələni keçən tərəf biz olacağıq”.
"Araz-Naxçıvan" - "Aris" cütü barədə
“Araz - Naxçıvan” ilk dəfədir Avroliqada çıxış etdiyi üçün təcrübəsizlikdən əziyyət çəkə bilər. “Aris”də isə vəziyyət fərqlidir. Bu oyunda hər şey komandanın hazırlığından və transferlərdən asılıdır. Əgər Elmar Baxşıyev bunların öhdəsindən gələ bilibsə, düşünürəm ki, elə də çətinlik çəkməyəcək. İstənilən halda, “Araz-Naxçıvan” üçün mərhələ keçmək böyük uğur olardı”.
"Sabah"- "Petrokub" cütü barədə
“Sabah” Avropa Liqasında "Çelye" ilə hər iki qarşılaşmada qələbəni əldən verib. Ümid edirəm ki, həm ev, həm də səfər oyununda bu təcrübədən nəticə çıxaracaq və bu oyunda şansını əldən verməyəcək. “Sabah”ın lazımi qədər təcrübəli futbolçuları var. Ona görə də, Moldova klubuna qarşı çətinlik çəkməyəcəyini düşünürəm”.



