“Heç bir oyunçu bu gün topdan gizlənmədi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"In baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 14-cü turunda “Neftçi" ilə matçdan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Futbolçularımı təbrik edirəm. Bu gün onlar möhtəşəm çıxış etdilər. Bugünkü davranış, yanaşma çox xoşuma gəldi. Belə oynayan "Sabah"ı həmişə görmək istəyirik. Azarkeşlərimizi, rəhbərliyimizi, məşqçi heyətini təbrik edirəm. Neytral azarkeşlər üçün də çox maraqlı və çox yaxşı oyun keçdi. Bu matçda ən önəmli məqam bizim ilk dəqiqələrdən təşəbbüsü ələ almaq istəyi idi. "Neftçi" fərqli düzülüşdə idi, start heyətində gözləmədiyimiz dəyişikliklər vardı. İkinci hissədə daha yaxşı çıxış edən, topa nəzarət edən, rəqibə təzyiq edən tərəf biz idik. "Neftçi"yə çox da topla oynamasına imkan vermirdik”.

Dambrauskas onu məyus edən məqamların olduğunu da vurğulayıb: “Çox qol fürsətini qaçırdıq. Daha çox inkişaf etməliyik. Həftəsonu bizi çox çətin səfər və çox çətin rəqib gözləyir. Daha sonra isə "Qarabağ"la önəmli oyuna çıxacağıq".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.