"Liverpul" klubunda Məhəmməd Salah ətrafında yaranan qalmaqal daha da dərinləşir.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun klub və baş məşqçi Arne Slotla münasibətlərində ciddi çatlar olduğu artıq açıq şəkildə görünür.
33 yaşlı hücumçu “Lids”lə 3:3 hesablı heç-heçədən sonra mətbuata verdiyi sərt açıqlamada klub tərəfindən “autobusun altına atıldığını” demiş, Slotla münasibətlərinin pozulduğunu bildirmişdi. Bunun ardınca o, “İnter”ə qarşı Çempionlar Liqasının heyətinə salınmayıb.
Arne Slot dünən keçirilən mətbuat konfransında Salahın klubda son oyununu oynayıb-oynamadığı barədə suala belə cavab verib:
“Heç bir fikrim yoxdur. Hazırda bu suala cavab verə bilmərəm.”
Slot əlavə edib ki, hər bir futbolçunun qayıtmaq şansı ola bilər, lakin Salahın açıqlamalarını eşidəndə təəccüblənib:
“Niyə belə danışdığını anlamalıyam. Oynamadığı üçünmü? Mən onu oynatmadığım üçünmü? Fikirlərini hiss edə bilər, amma bunu mətbuata deməsi doğru deyil.”
Komandadakı vəziyyətə münasibət bildirən qapıçı Alisson isə Salahın davranışını açıq şəkildə tənqid edib:
“Salahın hazırda komanda üçün əlçatan olmaması onun etdiklərinin nəticəsidir. O, bunu anlayacaq qədər ağıllıdır.”
Braziliyalı qapıçı, həmçinin, söhbətin daxildə aparılacağını əlavə edib:
“Onunla danışacağıq, amma bu şəxsi məsələdir və öz aramızda qalacaq.”
Salah 2017-ci ildən "Liverpul"un əsas ulduzlarından biridir, lakin son aylarda çıxış etmədiyi oyunların sayı artıb və yanvarda Səudiyyə Ərəbistanına transfer ehtimalı gündəmdə qalır.
Ulduz futbolçu 15 dekabrda Misir millisiylə Afrika Millətlər Kubokuna yollanmalıdır. Bu isə onun klubdakı gələcəyini daha da qeyri-müəyyən edir.



