Luka Modriç “Qızıl Top”u qazandığı ilin pərdəarxası məqamlarını bölüşüb və həmin anların onun üçün necə unudulmaz olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Modriç deyib ki, karyerası ərzində fərdi mükafatlar heç vaxt onun üçün əsas prioritet olmayıb:
“Cristiano Ronaldo və Messinin olduğu dövrdə oynayırsan. "Qızıl Top" haqqında düşünmək belə ağlıma gəlmirdi. Mənim üçün komanda uğurları hər zaman daha vacib olub”, – deyə o bildirib.
2018-də Dünya Çempionatının ən yaxşı futbolçusu seçilməsinə baxmayaraq, finalda məğlubiyyət səbəbilə sevinc hiss etmədiyini deyən Modriç “Qızıl Top” ehtimalının ilk dəfə elə həmin dövrdə gündəmə gəldiyini qeyd edib.
Modriç açıqlayıb ki, Millətlər Liqasında İngiltərə ilə oyundan sonra o, Londonda qalır və səhər saatlarında telefon zəngi alır:
“Saat 10 radələrində oyandım, telefon zəng çaldı. Ekranda ‘France Football’ yazılmışdı. Elə o anda hər şey ağlıma gəldi. Gözlərim doldu. Həyat yoldaşım Vanya ‘cavab ver’ dedi. Mən isə ‘yox, verməyəcəm’ (gülür). Bir neçə dəqiqə sonra özüm onları geri yığdım.”
Modriç deyib ki, zəngə cavab verəndə onu yalnız “yaxın olmuşam” kimi bir xəbər gözləyirmiş:
“Amma onlar mənə qalib olduğumu dedilər. İnanılmaz bir hiss idi.”
Futbolçu “Qızıl Top”u qazandığını iki həftə sirr saxlamaq məcburiyyətində olduğunu deyib:
-
İlk olaraq həyat yoldaşı Vanya bilib.
-
Daha sonra ən yaxın dostlarından biri olan Mateo Kovaçiçə deyib.
-
Son günlərdə isə valideynləri və bir neçə yaxın qohumu xəbərdar olub.
“Hamısının mərasimə gəlib öz gözləri ilə görməsini istəyirdim.”
Modriç həmin mövsüm həm "Real Madrid", həm də Xorvatiya millisinin heyətində parlaq mövsüm keçirdiyini, səsvermədə böyük fərqlə qalib gəldiyini bildirib:
“Həmin iki mövsüm inanılmaz səviyyədə futbol oynadım. Səslərdə fərq böyük idi. Bu, karyeramın ən fövqəladə anı idi.”



