“Çox yaxşı oyun oldu. Hər kəs "Qarabağ”ı tanıyır. Biz gözəl oynamağa çalışdıq. Düşünürəm ki, matça tamaşa etməyə gələn hər kəs razı qaldı. "Səbail" yeni bir komandadır, "Qarabağ” kimi hədəflərimiz yoxdur. Ən başlıcası odur ki, layiqincə çıxış etdik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail”in futbolçusu Ruslan Qurbanov Topaz Premyer iqanın 8-ci turunda səfərdə "Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
- Matçın sonuna qədər "Qarabağ”da Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətində adı göstərilməyən futbolçunun olduğunu bildiniz?
- Açığı, uşaqlar oyundan sonra paltardəyişmə otağında dedilər. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən, başa düşürük ki, "Qarabağ” qələbəyə layiq idi. Hamının belə səhvləri ola bilər. Ancaq gələcəkdə heç bir komandaya belə halla üzləşməyi arzulamıram. Bu, bizim komanda ilə görüşlərdə ikinci belə haldır. Yenə bəxtimiz gətirdi.
- Bu halın davam etməsini istərdiniz?
- Xeyr. Mən belə davam etməsini istəməzdim. Biz öz oyunumuz, əməyimizlə qələbə qazanmaq istərdik.
- Meydandan çıxarkən yaxşı əhval-ruhiyyədə deyildiniz. "Qarabağ”a texniki məğlubiyyətin veriləcəyi xəbərini eşidəndə əhvalınız yaxşı oldu?
- Yox. Biz bayram etmədik. Çünki hər kəsin belə bir halla üzləşəcəyini bilirik. "Qarabağ” qapımıza qol vuranda özüm də üzüldüm, top mənim də ayağımdan sıçrayıb keçdi. Oyunun sonuna qədər qol vurmağa çalışdım. Lakin "Qarabağ” yaxşı müdafiə olundu.
- Belə qələbələrdən sonra "Səbail”də futbolçulara mükafat verilir?
- Mükafat barədə hər hansı söhbət olmayıb. Klub mükafat verməyi vacib saysa, minnətdar olarıq.(qol.az)