ABŞ futbol yığması CONCACAF Millətlər Liqasında 4-cü yerlə kifayətlənib.

Offsideplus.az xəbər verir ki, Maurisio Poçettinonun yetirmələri yarışın bürünc medalları uğrunda oyununda Kanadaya məğlub olublar - 1:2.

Beləliklə, gələn il dünya çempionatına ev sahibliyi edəcək ABŞ kollektivi Millətlər Liqasından əliboş qayıdıb. Komanda ardıcıl 2 məğlubiyyət acısı dadıb.

Xüsusilə 3 gün öncə Millətlər Liqasının yarımfinalında Panamaya 0:1 hesabı ilə məğlubiyyət böyük rezonans doğurub. Ötən ilin sentyabrında yığmaya böyük ümidlərlə gətirilən Poçettino yeni vəzifəsində keçirdiyi 8 oyundan 3-də uduzub.

CONCACAF Millətlər Liqasının qalibi Meksika - Panama görüşündə müəyyənləşəcək.