Qadınlar üzrə Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə Avropa çempionatının seçmə mərhələsində Macarıstanla oyundan (1:1) sonra Offsideplus.az saytına fikirlərini bölüşüb. 

Müsahibəni təqdim edirik:

- Oyundan öncə komandadakı ab-hava necə idi? Qələbəyə köklənmişdiniz?

- Rəqibin kimliyindən asılı olmayaraq, həmişə oyundan əvvəl əzmkar, mübariz bir ab-hava yaratmağa çalışırıq. Qələbəyə köklənmişdik, amma ən azından xal almaq üçün mübarizə aparırdıq. Şükürlər olsun ki, 1 xalı əldə edə bildik. B Liqasına yeni yüksəlmişik, bu liqada çıxış edən komandalar hamıya bəllidir. Buna baxmayaraq, mübariz ruhumuzu ortaya qoya bildik. Bunun üçün çox sevinirəm, həmçinin məşqçinin dediyi oyun planına riayət etdik. 

25

- Kritik qol vurdunuz, bu qol, sizcə, nəyi dəyişdi?

- Bu qol komandaya güvən, ruh verir. Bu qol aşağı yaşda qızları ümidləndirir, gələcək karyeralarına yol açır. Məsuliyyətli olmağa çağırır. Çox istəyirəm ki, Azərbaycanda qadın futbolu inkişaf etsin. Bu yolda A milli komandası olaraq bizlərdən, çox şey asılıdır. Əlimizdən gələni edirik ki, Azərbaycan adını layiqincə təmsil edək. 

- Əsas hədəfiniz nədir?

- Hamı Avropa çempionatına vəsiqə qazanmaq və ya bunun uğrunda mübarizə aparmaq istəyər. Biz sadəcə oyunlara köklənirik, gələcəyin necə olacağını gələcək göstərəcək. Əsas odur ki, səfərdə Macarıstandan xal ala bildik. Çox sevininirik. Komandama təşəkkür edirəm. Ayaq qoyulan yerə başımızı qoyurduq. Mübariz oyun göstərdiklərinə görə komandamda vəzifəsindən asılı olmayaraq hər kəsə minnətdarlığımı bildirirəm. Şükür ki, bu, bu gün bizdə alındı.

Bakıda İsveçrə ilə vacib oyun olacaq... Azarkeşlərdən gözləntiləriniz?

- Bugünkü nailiyyətdə azərbaycanlıların, azarkeşlərimizin böyük payı var. Oxuduğumuz şərhlərdə bizə olan güvənlərini hiss edirik. Bunu qeyd etmək istəyirəm ki, xalqımızı sevindirmək üçün mübariz bir oyun sərgilədik. Bu, ailələrimizi, xalqımızı şad etmək üçün idi. Bu uğura nail olsaq da, iş bitmir. Vacib oyunlarımız var və ümid edirəm ki, nailiyyətlərimizin davamı gələr. Uğurumuza sevinənlərə təşəkkür edirəm. İsveçrə ilə ayın 9-da bizi çox ağır oyun gözləyir. Azarkeşlərimizi tribunalarda görsək, çox şad və məmnun olarıq.

 

Günay Xəlil