Premyer Liqanın XXV turunun mərkəzi oyununda "Neftçi" evdə "Qarabağ"la üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki," köhlən atlar"ın müdafiəçisi Bəhlul Mustafazadə 4:1 hesablı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb... 

 

- Oyun haqqında nə deyə bilərsən? 

- Düşünürəm ki, bütün azarkeşlər üçün maraqlı oyun oldu. Hesab onların da xeyirinə bitə bilərdi. Ancaq daha diqqətli olduq və vacib oyundan qabaq qələbə qazandıq. Gərginlik var idi. Onlar da ikinci qolu vurub hesabı bərabərləşdirə bilərdilər. Rəqibi əks-hücumlarda tutduq və bununla da daha 2 qol vurduq. Bərabərsəviyyəli oyun keçdi, lakin əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik.

- "Neftçi" üzərindəki qələbə Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04"lə oyunlara necə təsir edəcək?
- "Bayer"lə görüşdən öncə belə bir oyuna çıxmaq çox önəmli idi. Yaxşı mübarizə apardıq, amma bəzi səhvlərimiz var idi. Onları analiz edib "Bayer"lə oyundan əvvəl düzəltməyə çalışacağıq. 

- Turnir cədvəlinə böyük fərqlə liderlik edirsiniz. Növbəti oyunlara necə motivasiya tapacaqsınız?
- Onu baş məşqçimiz Qurban müəllim daha yaxşı bilir. O, bizə daha yaxşı motivasiya verə bilir. Heç bir şeydən asılı olmayaraq, bütün oyunlara daha diqqətli, daha yaxşı çıxmağımızı və öz idman formamızı qorumağı tapşırır. Bundan sonra da motivasiya tapacağıq.

- Püşkdən sonra "Bayer 04"i təhlil edə bildiniz?
- Fərdi olaraq bütün oyunçular imkan tapdıqda izləyirlər. Ümumiyyətlə, “Bayer 04" bizə məlumdu. Bu oyundan sonra hazırlıq mərhələsində daha yaxından tanış olacağıq. Məşqçilər rəqib haqda daha çox məlumat verəcəklər.

- "Bayer 04"ün hazırkı durumu məlumdu. Səncə, Almaniya təmsilçisi qrupda olduğundan daha güclü təəssürat bağışlayırmı? 
- Düşünürəm ki, daha yaxşı olublar. Biz də daha çox inkişaf etmişik. Bizi daha maraqlı və daha gərgin oyun gözləyir.